GİRİŞ
Axıska Türk mədəniyyəti, kökləri minilliklərə dayanan tarixi keçmişi ilə Türk dünyasının mənəvi coğrafiyasında strateji və zəngin bir mövqeyə malikdir. Bu xalqın folklor irsi, xüsusilə “Esgilər sözi” (Atalar sözləri) adlandırılan paromoloji vahidləri sadəcə linqvistik vahidlər toplusu deyil, həm də nəsillərarası universal təcrübəni və kollektiv yaddaşı ötürən mükəmməl bir etnopedaqoji sistemdir. Axıska Atalar sözləri vasitəsilə gənc nəslin şüurunda etik normalar, ontoloji fəlsəfə, fundamental əxlaq prinsipləri və sosial davranış qaydaları (ədəb) sistemli şəkildə formalaşdırılır.
Etnopedaqogika – hər bir etnosun tarixi təkamül prosesində süzgəcdən keçmiş təcrübəsinə, adət-ənənələrinə və milli dəyərlərinə əsaslanan tərbiyə strategiyasını öyrənən multidissiplinar elmi sahədir. Axıska Türkləri kimi taleyinə deportasiya, qürbət və diaspora həyatının ağır sınaqları yazılmış xalqlar üçün folklor, sadəcə estetik deyil, həm də milli kimliyin itirilməməsi üçün müdafiə mexanizmi rolunu oynayır. Bu kontekstdə Axıska Türk folklorunun etnopedaqoji aspektdən tədqiqi, xalqın “mənəvi pasportu”nun bərpası və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna aktuallıq kəsb edir.
Əsrlər boyu xalqın həyat tərzini, dünyagörüşünü və mənəvi-etik kodeksini özündə cəmləşdirən bu zəngin xəzinə, fərdin sosiallaşma prosesində həlledici faktordur. Şifahi xalq yaradıcılığının bu janrı uşaqların mənəvi tərbiyəsində, milli şüurun və vətəndaşlıq mövqeyinin inşasında fundament funksiyasını yerinə yetirir. Qədim dövrlərdən bəri aşıqlar, ağsaqqal-ağbirçəklər (baba və nənələr) və ailə institutunun digər üzvləri vasitəsilə cilalanaraq ötürülən bu nümunələr, cəmiyyətin mənəvi intizamını tənzimləyən yazılmamış qanunlar kimi çıxış etmişdir.
Atalar sözləri xalqın tarixi-sosial təkamülünün yığcam, lakin dərin fəlsəfi tutumlu ifadəsidir. Bu paromiyalar gənclərə əməksevərlik, dürüstlük, mənəvi dayanıqlıq (səbr) və ədalət kimi universal insan dəyərlərini konkret metaforik obrazlar vasitəsilə təlqin edir. Xeyir və şər, haqq və nahaq, vəfa və xəyanət kimi antonimik anlayışlar Axıska atalar sözlərində simvolik və təsirli bir dillə təqdim olunur ki, bu da milli kimliyin qorunmasında və xarakterin formalaşmasında əvəzsiz pedaqoji alətə çevrilir.
Məqalədə tədqiq olunan Axıska Türk atalar sözləri Sabircan Cəlilovun ‘Esgilər demiş ki…’ (İstanbul, 2021, Lora Yayıncılıq, 139 s.) kitabından seçilmişdir. Bu nümunələr Axıska Türk dilinin özünəməxsusluğunu qorumaq məqsədilə xüsusi transkripsiya ilə hazırlanmışdır.
- MİLLİ KİMLİK, KÖKLƏR VƏ TARİXİ YADDAŞ
Axıska Türklərinin sürgün və vətənsizlik ağrıları onların folklorunda vətən sevgisini mərkəzi mövzuya çevirmişdir. Etnopedaqogikada bu, gənclərə milli kimliyi aşılamaq üçün istifadə olunur. Atalar sözləri fərdin öz soykökünə, vətəninə və tarixinə olan bağlılığını və bu dəyərlərin ötürülmə mexanizmlərini əhatə edir.
Vətənpərvərlik və milli kimlik dəyərlərin tərbiyəsində ata sözlərinin əvəzsiz rolu vardır. Çünki Axıska Türklərinin taleyindəki sürgün və qəriblik mövzusu onların etnopedaqogikasının ən həssas nöqtəsidir. Axıska Türklərinin deportasiya tarixi nəzərə alındıqda folklor milli kimliyin qorunmasında əsas vasitələrdən biri kimi çıxış edir.
Ata sözləri vətənin hər şeydən (hətta maddi rifahdan) üstün olduğunu öyrədir: “Ac ol, çıplax ol, hama vətənində ol“. Bu deyim gənclərə çətinliklərə dözməyi, lakin vətən sevgisindən vaz keçməməyi aşılayır. “Məmləkətin tikanı” və “qürbətin çiçəyi” müqayisəsi isə emosional tərbiyənin ən güclü vasitəsidir
Milli kimliyin formalaşması üçün kökə bağlılıq, atalar kimi vətənə, torpağa bağlı olmaq tövsiyə edlir: “Əvvəl səv vətəni, sora atani.” -deyən ulular Vətən sevgisinin hər şeydən, hətta ən yaxınlarından belə öndə gəldiyini uşağın qəlbinə həkk edir.
Eyni zamanda “Əsli olan əslini yitürməz.” — deyərək uşaqlara öz kökünü, nəslini və mədəniyyətini unutmamasının vacibliyini anladır.
Milli kimliyin formalaşmasında vətən sevgisini önə çəkən atalar “Vətənin bir qışi qürbətin bin baharından eydür.” – deməklə vətən torpağının hər çətinliyinin yad yerlərin ən gözəl nemətindən daha əziz olduğunu uşağın qəlbinə həkk edir.
Vətən sevgisinin bütövlükdə insanlara və cəmiyyətə olan sevginin təməli, insan üçün mənəvi güc mənbəyi olduğunu göstərən “Vətənə gəldim, bədənimə can gəldi.”, “Vətəni iştamiyan (sevməyən), elini də iştamaz.”- Atalar sözləri gənclərə vətən sevgisinin önəmini anladır.
Atalar sözləri ana sevgisini vətən sevgisi ilə eyni tutur, gənclərə cəmiyyətdə ananın mövqeyini anlatmağa çalışır: “Ana kimi yar olmaz, vətən kimi dəvlət.” – İki ən müqəddəs anlayışı (ana və vətən) bir araya gətirərək uşağın mənəvi xəritəsini cızır.
II. AİLƏ İNSTİTUTU, NƏSİLLƏRARASI MÜNASİBƏTLƏR VƏ İYERARXİYA
“Ana əvin dirəgidür.” – deməklə ulular ailədə ananın birləşdirici və qoruyucu rolunu sadə və vizual bir dillə izah edir.
Axıska Türklərinin etnopedaqoji sistemində ailə müqəddəs bir struktur, nəsillərarası münasibətlər isə mənəvi varisliyin təməli kimi qəbul edilir. Gənclərə ailə daxili davranış qaydaları, valideyn-övlad münasibətləri və böyüklərə mütləq ehtiram prinsipləri sistematik şəkildə aşılanır.
Axıska pedaqogikasında valideynə, xüsusilə anaya olan sevgi metafizik bir müstəviyə qaldırılır. Anaya hörmət Tanrıya olan ibadətin bir parçası kimi təqdim olunur: “Ana haxi – Tari (Tanrı) haxi.”
Bu aksiomatik deyim uşağın şüuruna anaya xidmətin ən ali mənəvi borc olduğunu həkk edir. Eyni zamanda, ata fiquru sadəcə bir rəhbər deyil, həm də övladın xarakterini formalaşdıran canlı bir etalondur. “Baba nə əkmişsə, oğli da oni biçər.” atalar sözü genetik və mənəvi varisliyin qaçılmazlığını, ailə ənənələrinin davamlılıq qanununu ifadə edir.
Ailədaxili münasibətlərdə hərəkət və reaksiyanın qarşılıqlı olduğu psixoloji bir dəqiqliklə vurğulanır: “Baba oğluna nasıl baxarsa, oğli da ona elə baxar.” – Bu deyim valideynin övlada göstərdiyi qayğının gələcəkdə onun özünə qayıdacaq bir “sosial investisiya” olduğunu göstərir. “Baba olmamiş, baba q̇ədrini biləməzsin.” – Burada böyüklərin zəhmətini və fədakarlığını anlamaq üçün şəxsi həyat təcrübəsinin və zamanın vacibliyi incə bir sosioloji müşahidə ilə ifadə olunur.
Axıska tərbiyə modelində kor-koranə sevgi deyil, şüurlu və intizama söykənən sevgi əsas götürülür: “Əvlədimi şox səvərim, tərbiyəsini ondan da şox.”
Bu prinsip uşağın ərköyünləşməsinin qarşısını alan, sevgi ilə cəmiyyət qarşısındakı məsuliyyət arasında balans yaradan ən mühüm etnopedaqoji qaydadır. Bu tərbiyənin bir qolu da ailə daxili məhrəmliyin qorunmasıdır: “Əv bizim, sirr bizim.” deyimi uşağa erkən yaşlarından sadiqlik və konfidensiallıq (məxfilik) vərdişləri aşılayır.
Övlad ailənin cəmiyyətdəki siması hesab olunur. Onun davranışı valideynin şərəfinə birbaşa təsir edir: “Ey əvləd babay vəzir edər, köti əvləd rəzil.” – Bu nəsihət uşağa öz hərəkətləri ilə ailəsinin ictimai nüfuzunu yüksəltmək və ya sarsıtmaq gücünə malik olduğu məsuliyyətini öyrədir. “Ey oğul nedər baba parasıni, köti oğul nedər baba parasıni?” – Hazır sərvətə güvənməyin mənasızlığını vurğulayan bu sual-metodlu deyim, gənci şəxsi ləyaqət qazanmağa və zəhmətə sövq edir.
Axıska cəmiyyətində böyüyün sözü qanun statusundadır. Bu, gəncləri həyatın risklərindən və “özbaşınalıqdan” sığortalayan bir mexanizmdir: “Böyüğün sözünə baxmiyan uliya-uliya q̇alur.” Bu kəskin xəbərdarlıq təcrübəli nəslin məsləhətlərinə məhəl qoymayanların həyatda böyük çətinliklərlə (və ya uğultu ilə — “uliya-uliya”) baş-başa qalacağını simvolizə edir.
III. ŞƏXSİYYƏTİN FORMALAŞMASI: ETİKA, DÜRÜSTLÜK VƏ XARAKTER
Axıska Türklərinin paromoloji irsi gənc nəslin fərdi tərbiyəsi, daxili mənəviyyatın zənginləşdirilməsi və özünüidarəetmə qabiliyyətinin inkişafı baxımından mühüm pedaqoji əhəmiyyət kəsb edir. Şəxsiyyətin formalaşma prosesində dürüstlük və prinsipiallıq ən kəsərli nümunələrlə aşılanır; məsələn, “Adam olan sözündə durur” – deyimi uşağa sözün müqəddəsliyini və kişi xarakterinin sarsılmazlığını təlqin edir.
Şərəf və ləyaqət hissini, verilən qərara sadiqliyi ən radikal şəkildə ifadə edən “Adam tüpürdügüni yalamaz.” nəsihəti fərdin öz hərəkətlərinə görə məsuliyyət daşıması və dürüstlükdən kənara çıxmaması üçün bir xəbərdarlıq rolunu oynayır. Bu kontekstdə insanın zahiri atributlarından ziyada, onun daxili mahiyyəti və əməlləri əsas kriteriya kimi götürülür: “Adamın yüzünə baxma, sözünə bax.” atasözü zahiri görkəmin aldadıcı ola biləcəyini, həqiqi dəyərin isə insanın mənəvi bütövlüyündə olduğunu göstərir.
Uşaqlarda daxili nəzarət mexanizmini (vicdanı) inkişaf etdirən “Allah’dan gizlətməduğumi səndən niyə gizlədem” ifadəsi isə mütləq dürüstlüyün fəlsəfi əsasını qoyur, gizli və riyakar əməllərdən çəkindirir.
Sosial münasibətlərdə etibar və güvən anlayışları hələ kiçik yaşlardan “Amanata xiyanat olmaz.” prinsipi ilə uşağın xarakterinə yeridilir.
Gələcək həyat yolunda mənəvi tənəzzülün qarşısını almaq üçün erkən tərbiyənin rolu “Çocuxluğunda yalançi olan böyüyəndə dilançi olur.” xəbərdarlığı ilə vurğulanır; burada yalanın şəxsiyyəti məhv edən sosiopsixoloji fəsadları göstərilir. Eyni zamanda, yersiz və həddindən artıq tərifin uşağın xarakterini zəiflədə biləcəyi, onu təkəbbürə sövq edəcəyi “Çox ögülən, çürük çıxar.” deyimi ilə lakonik şəkildə ifadə olunur.
Etnopedaqogikada həqiqi igidlik fiziki güclə deyil, qəlbdəki cəsarət və xarakterlə ölçülür: “Yigidlux biləginən dəgül, yürəginəndür.” və “Yigid odur hər aciya dözə.” atalar sözləri mərdliyin əsl əlamətinin səbr və mənəvi dayanıqlıq olduğunu öyrədir.
Cəmiyyət içində təkəbbürlü olmağın mənəvi uğursuzluq gətirəcəyini xatırladan “Yüksəkdən baxan alçağa tez enər.” hikməti ilə bərabər, hər bir addımın dərindən düşünülməsini tələb edən “Yüz kərə ölç, bir kərə biç.” düsturu rasional davranış modelini aşılayır.
Nəticə etibarilə, şəxsi inkişafda səhvlərdən dərs çıxarmaq və nəsillərarası mənəvi varisliyi qorumaq fərdin əsas missiyası kimi təqdim olunur: “Cavannar səndən ögüd alsın, arxada ey izin q̇alsın“ deyimi fərdə həm özü, həm də gələcək nəsillər üçün nümunəvi bir ömür sürməyin vacibliyini xatırladır.
IV. SOSİAL DAVRANIŞ VƏ İCTİMAİ ETİKA (ÜNSİYYƏT MƏDƏNİYYƏTİ)
Fərdin cəmiyyət daxilindəki rolu, şəxslərarası münasibətlərin tənzimlənməsi və dilin sosial bir institut kimi funksionallığı Axıska atalar sözlərində mərkəzi yer tutur. Toplum daxilində sağlam və davamlı münasibətlərin qurulması etnopedaqogikanın nüvəsini təşkil edir. Bu sistemdə fərdin kimliyi onun seçdiyi sosial mühitlə identifikasiya olunur: “Arxaṫaşın adıni söylə, sənin kim olduğun söyliyem.” – deyimi mühitin şəxsiyyətə həlledici təsirini və dost seçimində ehtiyatlılığın vacibliyini aşılayır. Eyni zamanda, akademik biliyin insani keyfiyyətlərlə tamamlanmadığı təqdirdə cəmiyyətdə real nüfuz qazandıra bilməyəcəyi “Alim olmax q̇olay, adam olmax zordur.”- düsturu ilə ifadə olunur.
Sosial davranışın mühüm bir qolu da şəxsi məkana hörmət və ictimai etiket qaydalarıdır. “Çağrılan yerə ərinmə, çağrılmiyan yerdə görünmə.” və ya daha kəskin formada deyilən “Çağrılmamiş misəfir, mindərsiz oturur.” nəsihətləri uşaqlara öz ləyaqətlərini qorumağı və dəvətsiz müdaxilələrin insanı alçalda biləcəyini öyrədir.
Ünsiyyət mədəniyyətində nitqin idarə edilməsi xüsusi bir təlim sahəsidir. Axıska pedaqogikasında dil həm qurucu, həm də dağıdıcı bir qüvvə kimi təqdim olunur:
- “Dilin zəkati xeyir söyləmaxdur.” – Bu deyim xoş sözü yalnız etik norma deyil, həm də mənəvi bir borc (zəkat) səviyyəsinə qaldırır.
- “Dilin gəmügi yoxdur, neriyə çəvürsən, oriya dönər.” və “Adami dilindən tutarlar.” – Sözün məsuliyyətini və nitq üzərindəki nəzarətin çətinliyini xatırladaraq, gəncləri danışmazdan əvvəl dərindən düşünməyə sövq edir.
- “Aci dil qılıcdan kesgindür.” – Şifahi zorakılığın və sarsıdıcı sözün insan qəlbində açdığı yaranın fiziki yaradan daha dərin və qalıcı olduğunu vurğulayır.
Nitqin səmərəliliyi və fəsadları arasındakı incə həddi anlamaq üçün uşaqlara “qızıl qaydalar” aşılanır. “Söylənən söz atılan oxdur.”- nəsihəti geri dönüşü olmayan səhvlərdən çəkindirir, “Sözü ağzında bişür, sora söylə.” – deyimi isə təmkinli olmağı və fikri süzgəcdən keçirməyi öyrədir. Sözün qüdrəti “Söz var aş bişirür, söz var baş yitürür.” hikməti ilə ən yüksək həddə çatdırılır. Fərdin öz nitqinə qarşı tənqidi yanaşması “Ağzından çıxani q̇ulağın ṫuysun.” və ünsiyyətdə dinləmə mədəniyyətinin vacibliyi “Adın nədür – Rəşit, birini de, birini eşit.” yumoru vasitəsilə aşılanır.
Cəmiyyətdə birgəyaşayışın fundamental prinsipləri olan yardımlaşma və xeyirxahlıq da etnopedaqogikanın ayrılmaz hissəsidir. “Verən əl, alan əldən üstündür.” və “Sadağa verən əllər dərd görməzlər.”- deyimləri paylaşmağın insanı mənən yüksəltdiyini və daxili hüzur gətirdiyini təlqin edir. Dürüstlüyün itirilməsinin sosial təcridlə nəticələnəcəyi “Yalanşının mumi yasiya q̇ətər yanarmış.” və ya “Yalançının əvi yanmiş, inanmamişlar.” kimi klassik nümunələrlə uşağın şüuruna həkk olunur.
Mərdlik anlayışı Axıska Türklərində həm də səxavət və ədalət kimi qavranılır: “Yigid süfrasi açux olur.” deyimi qonaqpərvərliyi, “Yigidi öldür, haxıni yemə.” isə hətta rəqibə qarşı ədalətli olmağın ucalığını göstərir.
Nəhayət, fərdi gücün deyil, kollektiv birliyin əhəmiyyəti “Bir əlin nəsi var, iki əlin səsi var.”, “Birlik olmiyan yerdə, dirilux da olmaz.” və ən möhtəşəmi “El bir olsa ṫağları oynadur yerindən.” metaforası ilə tamamlanır. Bu deyimlər uşağa “El” (cəmiyyət) daxilində vahid bir güc olmağın və bir-birinə dəstək verməyin həyatda uğur qazanmağın yeganə yolu olduğunu öyrədir.
V. HƏYAT FƏLSƏFƏSİ: ZAMAN, ZƏHMƏT VƏ TƏCRÜBƏ
İnsanın zamanla münasibəti, əməyə baxışı və həyatın sınaqlarından çıxardığı ekspertiza Axıska paromoloji vahidlərində fundamental bir həyat fəlsəfəsi kimi təzahür edir. Bu bölmədə zəhmətə verilən dəyər folklorun ən mühüm tərbiyəvi aləti rolunda çıxış edir. Boş dayanmaq və vaxtı səmərəsiz keçirmək mənəvi baxımdan sərt şəkildə qınanılır: “Boş ṫurandan Tari (Tanrı) da bezar.” deyimi zəhməti ilahi bir vəzifə səviyyəsinə qaldırır. Eyni zamanda, xeyirxahlıq və altruizmin sosial səmərəsi “Eylük et, ṫaşın altına q̇oy, bir gün illahda q̇arşan çıxar.” hikməti ilə təlqin edilir; burada yaxşılığın zamana yayılan və mütləq geri dönən mənəvi enerji olduğu vurğulanır.
Gənc nəslin zamanın dəyərini anlaması və gələcək rifahını indiki zəhməti üzərində qurması üçün təqdim olunan silsilə nümunələr mükəmməl bir strateji plan xarakteri daşıyır:
- “Cəyilluxda odun yığsan, q̇ocalanda üşüməzsin.”
- “Cəyilluxda ṫaş ṫaşi, q̇ocalanda ye aşi.”
- “Cəyilluxda para q̇azan, q̇ocalanda q̇ur q̇azan.”
Bu deyimlər vasitəsilə bugünkü zəhmətin sabahkı sosial və fiziki rahatlığın təməli olduğu aksiomatik bir dillə uşağın şüuruna həkk edilir.
Çalışqanlıq və vaxtın düzgün idarəedilməsi (time management) prinsipləri “Erkən qaxan yol alur.” nəsihəti ilə konkretləşdirilir. İmkanların vaxtında dəyərləndirilməsi isə “Fürsət bir qanatli quşdur, əldən çıxarma.” vizual metaforası ilə izah olunur ki, bu da uşaqda çeviklik və diqqətlilik keyfiyyətlərini inkişaf etdirir.
Həyatın etik-strateji tərəflərini, xüsusən münasibətləri gələcəyə hesablanmış şəkildə qurmağı öyrədən “Gedəndə qapiy çırpma, gələndə açmaya yüzün olsun.” deyimi uzaqgörənlik nümunəsidir. Tədqiqatın bu hissəsində tələskənliyin mənfi nəticələri (“Əcələ işə şeytan qarışur.”) və hər bir işin intizamlı başlanğıcının əhəmiyyəti (“Ey olacax gün toğuşundan bəllidür.”) xüsusi vurğulanır. İnsanı həm fiziki, həm də zehni cəhətdən gümrah saxlayan əmək faktoru “İşliyən dəmür paslanmaz.” və sosial ədalət prinsipi olan “İşləmiyən dişləməz.” deyimləri ilə ən kəsərli şəkildə ifadə edilir.
Etnopedaqogikada təcrübənin rolu nəzəri biliklərdən üstün tutulur: “Bin nəsihətdən bir müsibət eydür.” hikməti səhvlərdən dərs çıxarmağın empirik əhəmiyyətini göstərir. Bilmədiyin mövzuda susmağın və ya dürüstcə etiraf etməyin insanı böyük risklərdən qoruya biləcəyi “Bir ‘bilməm’ bin qəzəy qurtarur.” ifadəsi ilə təsbit olunur.
Səbr və mənəvi dayanıqlıq (stoisizm) “Sabur salamatluxdur.” və ya “Sabur edən dərviş, muradına ərmiş.” nümunələri ilə aşılanır. Sosial bərabərlik və iş bölgüsünün zərurəti isə “Sən ağa, bən ağa, inəkləri kim sağa.” sarkastik sualı ilə izah olunur.
Həyatın çətinlikləri qarşısında ruh yüksəkliyi yaratmaq üçün “Dərdi verən Allah dərmənini də verur.” deyimi nikbinlik təlqin edir. Kədərin insan orqanizminə vurduğu zərər isə metalın korroziyası ilə müqayisə edilərək vizuallaşdırılır: “Dəmür nəmdən, insan ğəmdən çürür.”
Xalq hikməti təbiət simvollarından (bağ, ağac, balta) yararlanaraq mürəkkəb sosial reallıqları sadələşdirir:
- “Bağa baxarsın bağ olur, baxmazsın ṫağ olur.” – qayğı və zəhmətin hər şeyi dəyişdirə biləcəyini öyrədir.
- “Balta ağaci kesəməzdi, sapi ağacdan olmiyeydi.” – xəyanətin və daxili birliyin pozulmasının köklərini dərindən analiz edir.
Sonda, həyatın ən ali dəyəri olan can sağlığı və psixoloji dözümlülük məsələləri “Can sağluği, dünya varluği.” və “Cana gələn, mala gəlsin.” deyimləri ilə tamamlanır. Bu atalar sözləri uşaqda itkilərə qarşı mətanət və ən böyük sərvətin insan həyatı olduğu düşüncəsini formalaşdırır.
VI. TƏRBİYƏ METODOLOGİYASI VƏ “ANTİ-NÜMUNƏLER
Axıska Türklərinin xalq pedaqogikasında tərbiyə prosesi təkcə nəsihətlərdən ibarət olmayıb, müəyyən metodoloji prinsiplərə söykənən dinamik bir sistemdir. Tərbiyənin erkən yaş dövründən başlamasının vacibliyi “Ağac yaşikən əgilür.” aforizmi ilə metaforik şəkildə ifadə olunur ki, bu da şəxsiyyətin fundamental xarakter cizgilərinin məhz uşaqlıqda formalaşdığına işarə edir. Bu inkişafın genetik və mühit amilləri ilə bağlılığı isə “Ağac kökündən su içər.” deyimi ilə sosiopsixoloji müstəviyə daşınır; burada ailənin və köklərə bağlılığın fərdin yetişməsindəki həlledici rolu vurğulanır.
Müasir humanistik psixologiyanın “sevgi uşağı böyüdər” prinsipini Axıska Türkləri əsrlər öncə “Çocuği yemək böyütmiyer, səvmək böyüdiyer.” deyərək təsbit etmişlər. Bu, uşağın maddi ehtiyaclarından daha çox emosional qidaya olan tələbatını ön plana çıxarır. İnkişaf prosesinin çətinlikləri və eniş-yoxuşları isə “Çocux ağliya-ağliya böyür.” və “Çocux yıxıla-q̇alxa böyür.” kimi realistik müşahidələrlə valideynə səbir təlqin edir, uşaqda isə mənəvi dayanıqlıq yaradır.
Nizam-intizam və strateji hazırlıq mədəniyyəti Axıska tərbiyə sistemində həm fiziki, həm də mənəvi təmizliyin sintezi kimi təqdim olunur: “Bədənin təmüz ṫuṫ, xəbərsiz əcəl gəlür, əvin təmüz ṫuṫ, xəbərsiz misəfir gəlür.” Bu vizual və təsirli xəbərdarlıq uşağa həyatın gözlənilməzliyinə qarşı hər an hazırlıqlı olmağı və daxili-xarici intizamı qorumağı öyrədir. Eyni zamanda, risklərin idarə edilməsi və etibarlılıq prinsipi “Çürük ipinən q̇uya enilməz.” obrazı ilə təhlükəli meyillərdən qorunmaq üçün bir dars kimi verilir.
Qənaətcillik və rasional seçim bacarığı “Çoxi iştiyan, azdan da q̇alur.” deyimi ilə tamahkarlığın fəsadlarını göstərir. Qərarvermə prosesində diqqətin fokuslanması və dəqiqlik isə “Bin ölç, bir biç.” və “Bir oxinan iki davşan vurulmaz.” düsturları ilə təlqin edilir. Emosional zəkanın inkişafı və münaqişələrin həlli metodologiyasında “Biri od olanda, ebiri su olmasi gərək.” təsviri harmoniyanın qorunması üçün ən mükəmməl davranış modelidir. Hirsin fərdə vura biləcəyi zərər isə “Birəyə q̇ızıb yorğani yaxma.” deyimi ilə rasional şəkildə izah olunur.
Fərdi müstəqillik və özünütənqid bacarığı etnopedaqogikada “şəxsiyyət olma”nın əsas şərtləridir:
- “Gendi göbəgin gendin kes.” – fərdi muxtariyyəti və özünəyetərliliyi təşviq edir.
- “Gendi gözündəki tiri görmiyer, ələmin gözündə ġıl ariyer.” – obyektivlik və özünütəhlil qabiliyyətini inkişaf etdirir.
- “Gendi yıxılan ağlamaz.” – fərdi məsuliyyətin və qərarların nəticələrinə qatlanmağın vacibliyini simvolizə edir.
VII. TƏRBİYƏDƏ “FİLTR PROBLEMİ” VƏ TƏNQİDİ YANAŞMA
Tarixi təkamül prosesində bəzi atalar sözləri yarandığı dövrün ictimai-siyasi konyunkturasına, bəlkə də müəyyən qrupların (məsələn, yaltaqlar, korrupsionerlər və ya qadın hüquqlarını məhdudlaşdıranlar) maraqlarına xidmət edən “anti-nümunələr” kimi formalaşmışdır. “Beg deduğun nә bəgənməduğun nə?”, “Ağa diyer sür dərəyə, sür.”, “Qızıni dögmiyan dizini dögər.”, “Dəvlətin xəzinəsi dəniz, yemiyən dounz.” və “Bal tutan barmaq yalar.” kimi deyimlər bu qəbildəndir.
Bu nümunələrə müasir təhsil və milli-mənəvi dəyərlər süzgəcindən yanaşmaq zəruridir. Müəllim və ya valideyn bu materialı ötürərkən “hər atalar sözü mütləq həqiqət deyildir” prinsipi ilə hərəkət etməlidir. Bu cür tənqidi yanaşma gənclərdə müstəqil düşünmə, doğru ilə yanlışı ayırd etmə və stereotiplərdən qurtulma qabiliyyətini formalaşdırır. Beləliklə, folklor həm müsbət örnəkləri ilə yol göstərir, həm də mənfi nümunələr üzərindən tənqidi təfəkkür dərsi verir.
NƏTİCƏ
Axıska Türklərinin atalar sözləri üzərində apardığımız etnopedaqoji təhlil göstərir ki, “esgilər sözi” sadəcə keçmişin mirası deyil, həm də gələcək nəsillərin xarakterini formalaşdıran canlı və funksional bir tərbiyə sistemidir. Tədqiqat nəticəsində aşağıdakı ümumiləşdirmələri etmək mümkündür:
- Milli kimliyin qorunması: Sürgün və qürbət həyatı yaşamış Axıska Türkləri üçün atalar sözləri vətən sevgisini və milli mənsubiyyəti qoruyub saxlayan ən mühüm mənəvi mexanizmdir. Vətən və ana məfhumlarının eyniləşdirilməsi bu bağlılığın ontoloji köklərini təşkil edir.
- Ailə və iyerarxiya: Ailə institutu tərbiyənin mərkəzi nüvəsi kimi çıxış edir. Valideyn-övlad münasibətlərində sevgi ilə intizamın balansı, böyüklərin təcrübəsinə mütləq ehtiram milli ailə modelinin sarsılmaz təməlləri kimi özünü göstərir.
- Mənəvi-etik dəyərlər: Şəxsiyyətin formalaşmasında dürüstlük, sözə sadiqlik, əməksevərlik və səbr kimi keyfiyyətlər “qızıl qaydalar” səviyyəsinə qaldırılmışdır. Dilin idarə edilməsi və sosial ünsiyyət etikası fərdin cəmiyyətdəki nüfuzunu müəyyən edən əsas faktorlar kimi təqdim olunur.
- Tənqidi təfəkkür və müasirlik: Folklor nümunələrinə tənqidi yanaşma ehtiyacı, gənclərdə müasir dövrün tələblərinə uyğun olaraq doğru ilə yanlışı ayırmaq bacarığını inkişaf etdirir. Bu, etnopedaqogikanın statik bir sahə deyil, daim yenilənən bir təcrübə olduğunu sübut edir.
Yekun olaraq qeyd edə bilərik ki, Axıska Türk folklorunun etnopedaqoji potensialı müasir təhsil sistemində milli-mənəvi dəyərlərin aşılanması üçün tükənməz bir mənbədir. Bu incilərin qorunması və öyrənilməsi həm dilçilik, həm də pedaqogika elmi üçün müstəsna əhəmiyyət kəsb edir.

