Şehriyar[1]
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz
Şerin gərək ehsas ilə riqqətlə qarışsın,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Sağ gündə dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.
Çox da ki, Sərabin suyu var, yağ, balı vardır,
Başı ərşə də çatırsa, Sərab Ərdəbil olmaz.
İnsan odu, tutsun bu zəlil xalqın əlindən,
Allahi seversənsə, bu insan zəlil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalim çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdi,
Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
____
[1] Şehriyar, Mehemmedhüseyn. Tebriz, İran. (2005). Seçilmiş Eserleri. (Haz. N. Rızvan, X. Quluyeva, İ. Qeribov) Bakı: Avrasiya Press, s. 99-100.

