Yaraşmaz Hǝrǝkǝtlǝr[1]
Üzeyir Hacıbəyli[2]
Bugünkü nömrəmizdə dərc edilmiş olan Axıska hadisələrinin mövsuq [etibarlı] bir mənbədən yazıldığı bizcə məlumdur. Biz orada yazılanların doğruluğuna, əfsus ki, inanırıq. Ondan ötrü əfsus çəkirik ki, bu yazılanlara inanmaqla, dostumuz olan Gürcüstan Hökumətinin rəsmi qoşunu tərəndən Axıska və Azqur müsəlmanları haqqında rəva görülmüş zülümlər icrasına dəxi inanmağa məcburuq. Bu əhvalatın ümum müsəlmanlara, baxüsus [xüsusilə] Azərbaycan türk və islamlarına fəna surətdə təsir edəcəyi şübhəsizdir. Bizim təəssüratımız isə oxucularımızınkından daha şiddətlidir, çünki bu yazılanların bir para yerləri vardı ki, məzlumların hali-ciyərsuzunu [ciyǝr dağlayan halını] və zalımların vəhşətini o dərəcə şiddətlǝ göstərirdi ki, bir tərəfdən qarelərin [oxucuların] əhvali-pərişanını bir daha pərişan etməmək, digər tərəfdən arada arzu edilməyən bir xüsumət ehdasına [düşmənçilik törənməsinə] səbəbiyyət verməmək qəsdi ilə, idarəmiz daxilində bilinsə də, idarə xaricində bilinməsin deyə, o yerlərini pozmağa məcbur olduq.
Qafqaz türk və islam ünsürlərinin bir hissəsini təşkil edən axıskalılar haqqında bu qədər zülüm və sitəmin gürcülər tərəfindən icra edildiyini eşidərkən, insanın əli-ayağı boşalır və heç bir şeyə və heç bir kəsə inanmamaq, hər kəsdən və hər bir şeydən rugərdan olmaq [üz çevirmək] arzusu əmələ gəlir. Bu arzunu rəf [yox] etmək və gürcü qomşularımıza qarşı bəsləməkdə olduğumuz rəğbət və xeyirxahlıq hissini xələldar etməmək qəsdilə gürcü qoşunu vəhşətinin qəlbimizdə caygir olmaq [qǝrarlaşmaq] istəyən fəna təsirlərini azaltmaq üçün bu hadisələrin səbəbi-vüquu [baş vermǝ sǝbǝbi] haqqında gürcülər xeyrinə olaraq nə qədər fikirlər ediriksə də, o təsirləri kiçiltmək mümkün olmayır. Çünki Axıska müsəlmanlarının bu cürə zülüm və sitəmlərə müstəhəqq [layiq] olacaq dərəcədə günahkar olduğunu təsəvvürə gətirə bilmirik. Siyasi günahlardan ən böyüyü mətbu [tabe olunan, vǝtǝndaşı olunan] dövlətə qarşı xəyanət əməlidir ki, bu günaha mürtəkib olanları [bulaşanları] dəxi o cürə cəza və intiqama layiq bilmək, baxüsus bu halda və bu zamanda əsla caiz deyildir vəhalonki [halbuki] vəhşəti törədən səbəb, xəyanət-filan olmayıb, bəlkə gürcü məmurlarının yerli əhali haqqında rəva gördükləri sui-müamilatdan [pis rǝftardan] əmələ gələn bir vǝqǝdir.
Məlum olduğu üzrə, hökumətimiz Axıska türkləri haqqında rəva görülmüş olan bu zülümü eşidər-eşitməz, gürcü hökumətinə bir nota göndərib bu xüsusda protesto etdi. Bu notaya cavab olaraq gürcü hökuməti bizim protestomuzdan incidiyini bildirir və hökumətimizin rəftarını Gürcüstanın daxili işlərinə qatışmaq deyə adlandırıb izhari-təəccüb edir.
Axıska və ümumən qərbi-Qafqaziya [Qafqaziyanın qərbi] torpağı məsələsi Qafqazda beynəlmiləl bir məsələ şəklini aldığı, deyil Azərbaycan və Gürcüstanda, hətta Qafqazda olan Müttəfiqlər nümayəndələri tərəfindən etiraf edilən bir vəqədir. Oralarda baş verməkdə olan hadisat və hərəkatın ruhu həm Gürcüstanı, həm Azərbaycanı, həm Dağıstanı və həm Ermənistanı bu gün müstəqil bir hökumət şəklində bərqərar etdirən eyni ruhdur. Görünür ki, Gürcüstan hökuməti, istiqlalından əvvəl bu ruhun pərəstişkar və sənaxanı [tǝriflǝyǝni, öyǝni] olarkən, istiqlalı bə’dində [müstəqil olandan sonra] başqa bir nöqteyi-nəzərə köçüb “azad millətlər” məsələsində müəyyən görünən ümumi nəzərə şərik olmaq istəməyir. Yəni gürcü hökuməti millətlər azadlığı deyil, Gürcüstan azadlığı nəzərini iltizam edib, qədim Gürcüstanın tarixdə mövcud olan yerlərini tamamilə ələ gətirmək üçün qədim Gürcüstan yerlərinin bugünkü etnoqrafik dəyişik[lik]lərini nəzərə almayıb, “azad millətlər” şüarını tapdalaya-tapdalaya mənzili-məqsədə tərəf yeriməkdədir.
Əvvəla, burası var ki, tarix məsələsi mübahisəli bir məsəlidir. Əgər işə bu məsələ nöqteyi-nəzərindən baxmaq lazım gəlirsə, o halda deyil yalnız bir Gürcüstan tarixini araşdırmaq, bəlkə başqa Qafqaz millətləri tarixlərinin də səhifələrini vərəqləmək lazım olar.
Və saniyən [ikinci olaraq], tarixə istinad edib də bugünkü Qafqaz millətləri vəziyyətini və Qafqazın etnoqraf xəritə-sini nəzərə almamaq buna bərabərdir ki, “özü yaşamaq istəyib də, özgələrə yaşamaq imkanı verməmək”. Halbuki biz indiyə qədər gürcü qomşularımızı bunun əks tərəfdarlığı ilə tanıyıb “özü də yaşamaq, özgəni də yaşamağa buraxmaq” mənasında olan arzularını daima alqışlardıq. Əgər bugünkü Gürcüstanın idareyi-ümuru [işlǝrinin idarǝsi] mütəəssib [tǝǝssübkeş] millətçi bir hökumət əlinə tapşırılmış olsa idi, “azad millətlər” şüarı xilafına olan bu rəftar bizi bir o qədər təəccübləndirməzdi. Halbuki bu gunə [bu cür] rəftarın sahibi millətçi deyil, bəlkə sosialist hökumətdir və bizi də təəccübləndirən və heyrətə gətirən, bu sosialist hökumətin bir mütəəssib millətçi məsləkinə yaraşan hərəkət və rəftarıdır.
İştə, biz azərbaycanlılar “azad millətlər” şüarı tərəfdarı olduğumuz cəhətdən qərbi-qafqazlılar türk və islamlarının halına yanırıq və bu yanığımızı Gürcüstan Hökuməti daxili işlərinə qarışmaq qəbili hərəkətdən ədd [hesab] etmirik.
Bundan əlavə, Gürcüstan Hökuməti bunu da bilməlidir ki, təhti-hökumətində [hakimiyyǝti altında] olan türk və islamların hər bir ehtiyacat və diləklərinə cavab olaraq top və pulemyotlarla iş görəcəksə, Azərbaycan Hökuməti bu cürə işə, yəni həmcins və həmdin olan məzlumların ah və fəryadına iğmazi-eyn edə [göz yuma] bilməz. Bu hökumət bizimlə dostluq etmək istərsə, bu dostluğun əlamətlərindən olmaq üzrə öz təhti-hakimiyyətində yaşayan müsəlmanlarla hüsn-müamilədə bulunmalıdır. Dostluğumuzu möhkəmləşdirəcək olan bu müamilə Gürcüstanın öz daxili işlərinə də hüsn-təsir edəcəyi şübhəsizdir.
Yoxsa bir gün Qafqaz müsəlmanları arasında öz fəaliyyəti-millətpərvəranə-silə məşhur olan Faiq əfəndi kimi möhtərəm zatların Gürcüstan mǝhbǝslǝrindǝ təhqir edilməsini, o biri gün Axıska müsəlmanlarının topa və gülləyə tutulduqlarını eşidəcək olarsaq, təbiidir ki, gürcülərə qarşı qəlbimizdə bəslədiyimiz olan meyil və rəğbət hissi get-gedə məhv olub, ǝvǝzindǝ qeyri-məmul [arzuolunmaz] hisslər peyda olar. Bu isə, Gürcüstanın və gürcülərin xeyiri deyildir, zənn edirik.
Ümidvar oluruq ki, bugünlərdə səmimiyyətlə alqışladığımız olan Gürcüstan Məclisi-Müəssisanı bu hadisata dərin və geniş bir nəzərlə baxıb, qərbi-Qafqaz mǝsǝlǝsi həllində “Azad millətlər” şüarına riayətdən əlavə Gürcüstan təhti-hakimiyyətində olan müsəlmanların bütün ehtiyacatlarını rəf edər və haqsız olaraq top-tüfəng istemalını [işlǝdilmǝsini] öz hökumətinə tərk etdirər.
Hacıbǝyli Üzeyir
[1] Azərbaycan Qəzeti. 18 Mart 1919. Nömre 139. Transliterasyon: Azerbaycan Qəzeti, VI. Cilt. Sayfa, 269-271. https://www.ada.edu.az/en/publications/azerbaijannewspaper [Bu yazıyı tekrar yayınlama izni verdikleri için teşekkür ederim. İkram Çınar]
[2] Üzeyir Hacıbeyli (1885-1948), Azerbaycan’ın 20. yüzyılın başında yetiştirdiği Dünyaca tanınan büyük bestecilerinden biridir. Azerbaycan ulusal operasının kurucusudur. Üzeyir Hacıbekov olarak da bilinir. 1918 ve sonrasından itibaren bağımsız Azerbaycan’ın kuruluşuna katılmış, Azerbaycan gazetesinin geçici müdürlüğünü yapmış ve bazı siyasi yazılar yazmıştır. O yazılardan biri de Ahıska kırgını üzerine yaşananları yazdığı bu yazıdır. İnsan hakları savunucusu olan sanatçı Üzeyir Hacıbeyli, mazlum Ahıska Türklerinin bilincinde yüksek bir mertebededir. [İkram Çınar]

