SƏRHƏD TANIMAYAN QƏHRƏMANLIQ
SABİRCAN CƏLİLOV[1]
Qəhrəmanlar xalqı, torpağı, dövləti, şərəfi, namusu uğrunda fədəkarlıqla həyatını verməkdən belə çəkinməyərək döyüşən, vurşaraq həlak olsalar da xalqının qəlbində əbədi yaşayan insanlardır. Elə qəhəmanlar var ki, öz xalqı, yaxın adamları onunla fəxr edir, onu xatirələrində yaşadırlar. Ancaq elə böyük şücaət, böyük bir qələbənin alınmasında fədakarlıq göstərmiş ölməz qəhəmanların adları tarixə qızıl hərflərlə yazılaraq sərhəd tanımadan eldən-elə, ölkədən-ölkəyə yayılır, xalqı üçün qürur mənbəyi olur. Belə qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, Axısxa türkü İskəndər Aznaurov da məhz belələrindəndir. Birinci Qarabağ müharibəsində Axısxa türklənin Azərbaycanda başını dik tutaraq qürurla yaşamasına vəsilə olmuş İskəndərin qəhrəmanlıqları həm Axısxa türk ədəbiyyatında, həm də Azərbaycan ədəbiyyatında geniş əksini tapmışdır. Azərbaycanın görkəmli yazıçısı Fazil Abbasov “Qara qan” romanında topçu İskəndərin qəhrəmanlıqlarını qələmə alıb.
Bu yaxınlarda Özbəkistanın Səmərqənd vilayətində yaşayan dostum Sabir Əfəndigil Daşkənd şəhərində İskəndər Aznaurov haqqında kitab çap edildiyini deyəndə çox həyəcanlandım, qəhrəmanımızın doğulduğu, ilk gəncliyini keçirdiyi ölkədə yad edilməsi, ona qiymət veriməsi məni qürurlandırdı.
Sonunda, Sabir bəyin zəhmətə qatlanaraq göndərdiyi özbək tədqiqatçıyazarı Mavlon Shukurzodanın (Mövlan Şükürzadə) yazaraq yayınlatdığı “VATAN UCHUN JON FİDO QILQAN QAHRAMONLAR” (Vətən üçün can fəda edən qəhrəmanlar) adlı kitabı mənə çatdı.
Kitab 2023-cü ildə “Niso Poliqraf” nəşriyyatı tərəfindən 500 tirajla qəhrəmanın adına layiq yüksək səviyyədə sənətkarlıqla, aidi şəkillərlə zövqlə düzülüşü ilə hazırlanaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə nəşr edilmişdir.
Kitab iki fəsil, yeddi bölümdən ibarətdir. Birinci fəsildə İskəndərin Özbəkistandakı həyat və yaşamı, ikinci fəsildə isə Fərqanə hadisələrindən sonra köçdüyü Rusyanın Krasnodar vilayətində və Azərbaycandakı həyatı işıqlandırılmışdır. Kitab qəhrəmanın həm döyüş zamanı dostları ilə çəkdirdiyi, həm də özünün və ailə üzvlərinin şəkilləri ilə rəngləndirilmişdir. 120 səhifədən ibarət bu kitabda İskəndərin soykökü, həyatı, dostlarının, tanınmış şəxsiyyətlərin onun haqqındakı fikirləri ilə tanış olub qəhrəmanı daha yaxından tanıyır, onu yetişdirən həyat şərtlərini öyrənirik.
Kitaba sponsorluq edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, fəxri mədəniyyət işçisi Samir Abbasov Azərbaycan və özbək dillərində önsözü yazaraq İskəndər Aznaurova yüksək qiymət verir. Onun bu müharibədəki şücaətinin Axısxa türkləri ilə Azərbaycan xalqının necə qaynayıb-qarışdığının göstərgəsi olduğunu qeyd edir, Azərbaycanı öz vətəni kimi sevən, qardaşının çətin günündə, təcavüzə və işğala məruz qaldığında canını fəda etməyə belə hazır olan Axısxa türk qəhrəmanlarının bir nümayəndəsi kimi dəyərləndirir.
Axısxa türklərinin 14 noyabr 1944-cü ildə Vətəndən sürgünü barədə bilgilər verən Yazar onların Özbəkistanın ictimai həyatında tutduqları mövqe, alim və qabaqcıl ictimai xadimləri haqqında da məlumat verir. Aznaurlar nəsilinin soykökünün qədim oğuz tayfalarından olan Az-larla (Az`qur) bağlayan Yazar, o nəslin Gürcüstanda məşhur zadəgan-dvoryan nəsli kimi tanındıqlarını bildirir. (s.13-14)
İskəndər Aznaurovun atası Səhrab Osman oğlu (1932-1959), anası Kamilə Mustafa qızı Mustafayeva (1936-2022) xüsusi hörmət və minnətdarlıqla xatırlanır, onların sürgün dövrü və sonrakı çilələrindən, yeni şəraitdəki həyata alışmaq, uşaqlarını ləyaqətli və cəsur insanlar kimi yetişdirmək üçün necə çalışdıqlarından geniş və maraqlı bilgilər verilir. (s.17-23)
Tədqiqatçı-yazar Mavlon Shukurzoda İskəndərin uşaqlıq və gənclik dövrünü xüsusi diqqətlə araşdırmış, onun gənclik tanış və dostları ilə geniş söhbətlər etmişdir. İskəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayətinin Qalasiya kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Ailənin 82 yaşlı ağsaqqalı Ətəmşah Aznaurov xatirələrində deyir ki, “Böyük İskəndər”in (Makedoniyalı İskəndər) igidliyi və cəsurluğundan duyğulanaraq yeni doğulmuş körpəyə İskəndər adı verdik ki, onun kimi qəhrəman olsun. (s.24)
İlk gəncliyində fotoqraflığa meyl salan İskəndər bu sahədə hətta pul qazanaraq ailəyə yardımçı olurdu. (s.25)
1973-cü ildə orta məktəbi bitirən İskəndər kolxozda çalışır, texnikaya həvəsi onu MTS-də (Maşın-texnika təmiri) idarəsində təmirçi işləməyə çəkir.
Burada avtomobiil və traktorların mühərriklərini təmiri ustası olur. 1975-1977-ci illərdə orduda hərbi xidmətdə olan İskəndər Çerkask şəhərində tank batalyonunda xidmət etdi. Ordu sıralarında göstərdiyi nümunəvi xidmətə, əzm və çalışqalığına görə o bir neçə dəfə fərqlənmə nişanları və təşəkkürnamələr almışdır.
1979-84-cü illərdə Daşkənd İrriqasiya və kənd təsərrüfatı mexanizasiyaları mühəndisi İntitutunda oxuyan İskəndərin tələbəlik illəri barədə ətraflı və əsaslandırılmış bilgilər verən Yazar onun fəaliyyəti, yoldaşları
arasındakı nüfuzu barədə böyük sevgi ilə danışır. 1982-ci ildə Daşkənd Pedqoji İnstitutunda tələbə olan Gülxanım Həmidova ilə ailə quran İskəndərin Sveta, Ədalət, Zauina və Mədinə (s.34-35) adlı qızları vardır.
Tədqiqatçı-yazar Mavlon Shukurzoda ailənin hər iki üzvünü yaxından tanıyır, onların xaraktrlərinin açılmasına çalışaraq səy göstərmiş, faktlar toplamışdır.
Kitabın birinci fəslini Fərqanə hadisələri ilə bitirən yazar hadisələrin törədilməsinin əsas səbəbinin M.S.Qorbaçov hökuməti və Özbəkistandakı hakimiyyətsilik olduğunu, hadisələr zamanı Axısxa türklərinə könmək etməyə çalışan özbəklərin olduğunu xüsusi qeyd edir. (s.35-36)
Əsərin ikinci fəsli İskəndərin Krasnodara köçməsi, orada yaşadığı 19891990-cı illərdə yerli hökumətin soyuq və dışlayıcı münasibəti, olduqca çətin şəraitdə yaşamaları, dolanışığın olmaması, milis, bürokratlar və sanitar həkimlərin Axısxa türklərinə qarşı hər adddımda cəza və cərimələr yazmasından bezərək başqa qohumları ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Kür qəsəbəsinə köçdüyü barədə məlumat verir. (s.37-38)
Bu illərdə Azərbaycanda erməni seperatçıları Moskvanın da dəstəyi ilə Qarabağı Azərbaycandan ayırmaq üçün əllərindən gələn vəhşilikləri törədir, sərhəd bölgələrində talan və qırğınlar törədirdilər. 1991-ci ilin sonlarında qohumu tankçı Lətifşah Aznaurovla birlikdə orduda əskərlərə tank və zenit toplarını təlim keçirdilər. Tədqiqatçı-yazar Mavlon Shukurzoda, Xocalı faciəsi barədə geniş məlumat verərək özbək xalqının da Azərbaycanın yanında olduğunu, məşhur Özbəkistan xalq şairi Xurşid Davronun 27 fevral 1992-ci ildə yazdığı “Xojalı bolalarıga..” (Xocalı övladlarına..) adlı şeirini oxucuların diqqətinə təqdim edir.
İskəndər Aznaurov Xocalı faciəsindən sonra, 1992-ci ilin mart ayında intiqam almaq üçün könüllü olaraq döyüşə gedir. Artilleriyanın sirlərini mükəmməl bilən İskəndər Aznaurov alayın artilleriya rəisi təyin edilir. Hər atdığı atəş düşmənin əhəmiyyət daşıyan neçə-neçə mövqeyini sıradan çıxartmış, tankını partlatmışdı. Mutu dərə, Mormor kəndlərində gedən döyüşlər,uğurlu Başkənd əməliyyatı İskəndərin adı ilə bağlıdır. Onun Şınıxda strateji cəhətdən əlverişli mövqeyə malik olan bir dağda yaratdığı güclü müdafiə nəticəsində həmin dağ düşməndən alınıb və bü günə kimi “İskəndər qalası” adlanır.
1992-ci ilin mart ayından davamlı olaraq döyüşən orduda olan İskəndər döyüş yoldaşlarının sevimlisinə çevrilir, öz sadəliyi, mehribanlığı ilə böyük hörmət qazanır.(s.48)
“Qəhrəmanın ölümü” başlıqlı bölümdə hadisələr şahidlərin dilindən yazılmışdır. Kapitan Minas Abdullayev İskəndərin necə qorxmadan minalı sahədən keçərək gəlib pozulmuş zenit topunu təmir edərək geri qayıtmasını deyir. Onun “Qorxmursanmı?”- sualına, “Mən Allahın pənahındayam, heç nə olmaz”- deyərək cavab verir. Batalyon komandiri, mayor İlham Əliyev 2435 metr hündürlükdə, Keçəl dağında döyüşlərdə baş vermiş onun ölüm səhnəsini belə təsvir edir ki, İskəndər düşmən tankını topla vurdu, ancaq tankdan eyni zamanda atılan bomba onun zenit topuna dəyərək partladı. İskəndər qarnından mökəm yaralanmış, qolu çox pis zədələnmişdi. Tibb işçilərinin bütün cəhdlərinə rəğmən iç qanama kəsilmədi və o, can verdi.
Həyat yoldaşı Gülxanımın o günkü-18 aprel günü xatirələri bədii şəkildə, ürək yanğısı ilə təsvir edilmişdir.
Kitabda İskəndərin yaxın qohum əqrəbaları, əskər yoldaşlarının onun haqqındakı yüksək fikirlərindən bir insan kimi dostcanlı, hamının məhəbbətini qazana bilən bir insan olması anlaşılır. Xüsusilə, özbək dostu, Ağkurqan rayonunda iş adamı Yoldaşev Kamilcan İsmatilla oğlunun fikirləri diqqətəlayiqdir. O, İskəndəri gəncliyindən cəsur və igid bir oğlan kimi tanıdığını, onun boş vaxtlarda məhllələrinə gəldiyini, tələbəlik illərində yaxın olduqlarını, xoşsöhbət, etibarlı və yardımsevər insan olduğunu xatırlayır. (s.112113)
İskəndərin dostu, Özbəkistanın tanınmış şairi və musiqiçisi Əhməd Şenli Muhammedov isə onun Azərbaycan musiqisini sevdiyini, toy və tədbirlərdə “Meşəbəyi” mahnısının havasına oynadığını deyir. Şair İskəndəri uşaqlıqdan tanıdığını, “onun almas siması daim yadında olduğunu” – deyir və onun xatirəsinə yazdığı “Haqq yolunda” şeirini təqdim edir:
Ahmet Şenli dolanır qürbəti,
Ulu tanrım qurtarsın milləti,
İskəndərin ruhunu şad eylə,
Əskərlərə ver böyük qayrəti. (dözümü) (s.113-114)
Maraqlıdır ki, Yazar kitabın hazırlanması üçün çoxtərəfli və dərin araşdırmalar aparmış, İskəndərin oxuyub çalışdığı müəssisələrin arxivlərini araşdıraraq dərin məlumat yığmış və arxivlərdə, ailəsində və qohumlarında olan şəkilləri toplayaraq uyğun gələnləri seçib oxuculara çatdırmışdır.
İskəndər Aznaurovun Azərbaycan, ABŞ, Rusiya, Türkiyə və Özbəkistandakı tanıyan, yoldaşlıq etmiş və ya birlikdə çalışmış insanlarla, dövlət adamları ilə əlaqə quran Yazar çox dəyərli bir kitab hazırlamışdır.
Əsərin hazırlanmasında müəllif Mavlon Şukurzoda Azərbaycan Milli Məclisinin vəkilləri Qənirə Paşayeva, Xanhüseyn Kazımlı, professorlar Samir Abbasov, İzzət Rüstəmov, Rəşid Mahmudov (Azərbaycan), Jaloliddin Safayev (Özbəkistan) və böyük bir qrup elm admlarından məsləhət və tövsiyə, yardım alaraq kitabı ərsəyə gətirmişdir.
Mavlon Şukurzodanın “Vətən üçün can fəda edən qəhrəmanlar” (özbək dilində) kitabı Qarabağ uğrunda haqq mübarizəsi və onun qəhrəman oğullarının Özbəkistanda tanıdılması üçün çox dəyərlidir.
__________
[1] Azərbaycan Yazarlar Birliyinin üzvü, tədqiqatçı.