Axıskalılar Hökümeti

Sayı 85- Ahıska Özel Sayısı (Ocak 2025)

AXISKALILAR HÖKUMƏTİ [1]

Əhmǝd Hǝmdi Qaraağazadǝ[2]

1918-də dekabrın 5-də gürcü əsgəri camaatın rizalığı ilə Axıskaya daxil oldu. Camaat demokrat hökumətdən rahatlıq, ucuzluq, müavinət [yardım], ədalət və insaniyyət ümid edirdi. Hər gün gözünü ertəsi günə, gələcəyə dikmişdi. Günlər keçdi, həftələr keçdi, aylar keçdi, lakin köylü ümid etidyi rahat və səadəti görəmmədi. İrəliyə, daima irəliyə baxırdı. İki ay keçmişdi, lakin hər gün artan zülüm, qarət və həqarət keçən günlərə rəhmət oxudurdu. Bu sırada idi ki, Məclisi-Müəssisan seçkiləri başlandı.

Deyirlərdi ki, Məclisi-Müəssisana iştirak etsəniz, hər dərdinizə dərman olacaq. Siz keçmişlərə baxmayın. Gələcəyiniz, inşallah, yaxşı olacaqdır, deyirlərdi. Amma camaat görəcəyini görmüşdü. Artıq şarlatanlara inanmaq istəməyirlərdi. Gələcəyi hazırdan qiyas edəmməyirlərdi.

Bu səbəbə idi ki, bu zalım hökumət idarəsindən xilas olmaq fikrinə düşməyə məcbur oldular. Böylə zalım bir idarə altında bulunmaq istəmədiklərini Məclisi-Müəssisana iştirak etməməklə elan eylədilər.

Lakin bununla qalmadılar:

Fevralın ibtidalarında [ǝvvǝllǝrindǝ] 400-500 fədai qüvvəti ilə dörd-beş minlik bir qüvvəti Axıska və Axalkələk uyezdlərindən sürüb çıxardılar. Uyezdlərdə qayət adilanə hökumət qurdular. Bütün ufaq millətlərə hər dürlü hürriyyət və ədalət bəxş etdilər. Ən demokrat bir üsuli-idarə ilə hər kəsi məmnun etdilər. Az vaxtda hər dürlü əsgəri və mülki, ictimai idarələr təsis etdilər. Həqiqət[ǝn], inanılmayacaq bir əsəri-mədəniyyət göstərdilər.

11 fevral – 11 marta qədər davam edən bir aylıq hökumətlərində bütün erməni, rus, yəhudi və hətta gürcülər son dərəcə məmnun qaldılar. Heç bir yerdə nə bir qarət, nə də bir qətl vüquya [meydana] gəlmədi.

Heyf ki, bütün qüvvətlərini idarə işlərinə verib, əsgəri təşkilata kamalınca baxammadılar və gürcülərin bir daha zalimanə hücum edəcəklərini xatirlərinə gətirmədilər. Gətirmədilər də, on-on beş minlik vəhşi bir qüvvətin hücumuna qəflətən düçar olub, dünyada təsəvvür olunmayan qətliama məruz qaldılar.

Bütün erməni və qeyri [digǝr] münsif [insafı, vicdanlı] qəzetlərin mədh və tərif eylədikləri bu bir aylıq Axıska müsǝlman hökumətini qərəzkarlar – gürcülər, vəhşi quldur bir hökumət deyə qəzetlərdə yazmamış böhtan və iftiralar qoymadılar. Heyif ki, “Azərbaycan” qəzeti də bilmədən bu qərəzkar qəzetlərin yazdıqlarını 16 mart tarixli “Azərbaycan”da nəşr eylədi. Bu kağızımla Axıska xüsusda edilən tərcümələrin tamamilə yalan və iftira olduqlarını ərz ilə yazdıqlarımın qəbul və nəşrini rica edirəm, əfəndim.

Ə. H.

[1] Azerbaycan Qazeti, 19 Mart 1919. Nömre 140. Transliterasyon: Cilt 6., ss, 301-302. (Translit. Mehdi Genceli ve Azad Ağaoğlu) ADA Üniversiteti Neşri. https://ada.edu.az/azerbaijannewspaper

[2] Yazar, Azerbaycan Qezeti’ndeki bu yazısında adını Ə.H. biçiminde kısaltarak yazmıştır. Əhmǝd Hǝmdi Qaraağazadǝ (1893-1928). Azerbaycan parlamento üyesi de olmuş bir yurtseverdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir