Axıska Qırğını

Sayı 85- Ahıska Özel Sayısı (Ocak 2025)

Axıska Qırğını [1]

 

Əhmǝd Hǝmdi Qaraağazadǝ[2]

Axıska hadisələrinə dair qəzetələrdə yazılan və oralardan gələnlərin ağızlarından duyduğum doğru xəbərlərin xülasəsinə görə, əski və yeni Axıska vəqələri [hadisǝlǝri] aşağıda yazdığım üzrə meydana gəlmişdir:

Osmanlılar Axıska və Axalkələk qəzalarından çəkiləndən sonra, buraların gürcülərə təslim edilib-edilməməsini müzakirə üçün Ömər Faiq əfəndinin başçılığı ilə dərhal Milli Komitə yığılıb uzun mübahisələrdən sonra təslimə qərar vermiş və bu qərar mövcibincə [bu qərara əsasən] gürcü əsgəri keçən il dekabrın 5-ində qorxusuzca şəhərə daxil olmuş, müsəlman camaatı təzə hökuməti razılıqla qarşılamış və ondan ucuzluq, rahatlıq, əminlik və hər dürlü ictimai və iqtisadi yardım gözləyərək öz işləri ilə məşğul olmağa başlamışlar. Aradan dörd-beş gün keçmiş, hökumət qəzanın başbilənlərini həbs edib Tifisə, qalaya göndərmiş, uçastok komissarları ilə strajniklər, əsgərlər hər yerdə camaata əziyyət verməyə, mallarını pulsuz zəbt etməyə, birər bəhanələrlə döyüb-söyməyə, alçaqlamağa, əski öc-intiqamları almağa, talan və qarətə olanca gücləri ilə başlayıb, hər sinif xalqı incitmiş və narazı buraxmışlar.


İştə, bu sırada sərhəddə duran gürcü əsgəri Qarsa tabe Posxov müdiriyyətindən Axıska qəzasına gəlib keçən posxovluları da incitməyə və hətta bir gün toy ilə Posxova götürülən müsəlman gəlininə mane olmağa və toyda olan silahlı müsəlmanları tutub həbs etməyə cürət etmiş və get-gedə böylə arsızlıqlardan, müsəlmanların sakit durmalarından üz bularaq yanvarın ortalarında, günün birində Posxova hücumla oranı zəbt və Axıskaya qoşmaq xəyalına düşmüşlərdir. Posxovlular isə buna razı olmayaraq əvvəlcə müdafiə və sonra hücuma keçərək sərhəddə müsəlmanları həbs edən əsgərləri əsir tutub götürmüşlər. Gürcü əsgərləri idarəsi bunları qurtarmaq və müsəlmanları cəzalandırmaq üçün Posxova doğru bir alay sövq etmişsə də, 200-300 posxovlular bunları meşənin kənarında xəbərsizcə sarıb tamamilə pərişan ilə Axıskaya sıxışdırmışdır. Baş komandan işin ciddiyyət və təhlükəsini mülahizə edərək posxovlularla bərabər onlara qoşulan axıskalıların gözlərini tamamilə qorxutmaq üçün iki-üç min qüvvətlə irəliləyib üç-dörd köyü topla tamamilə yandırıb dağıtmış və bir qədər də iləriləmiş, lakin haqlı bir intiqamla döşləri qabarmış o 200-300 türk qəhrəmanları qarşılarındakı iki-üç minlik qüvvətin qiyməti-əsgəriyyəsini [hǝrbi dǝyǝrini] heçə sayaraq hər tərəfdən partizan üsulu ilə hücum etmiş və özlərindən yüz qat artıq olan düşmənin yağdırdığı top və pulemyot atəşlərinə baxmayaraq, onu az vaxtda pərişan ilə qaçmağa məcbur etmişdir və o böyük qüvvət təsəvvürə gəlməyən bir hal ilə, generalları əsgərlərlə, zabitləri köylülərlə qarışaraq aciz qarılar kimi yüz cür qorxularla ancaq başlarını qurtara bilmişlər. Gərək əsgəri qüvvət və gərəksǝ mülki idarələr kiçik bir qüvvət qarşısında özlərini itirib qaçandan və Axıska uyezdindən tamamilə təmizlənəndən sonra, uyezd idarəsinə bir para mənfəətpərəst, alçaq, ikiüzlü bəylər, nüfuzlular soxulub camaat arasına nifaq saçmağa və “mənlik” davası ilə bir-birləri ilə boğuşmağa başlamışlar. Bu surətlə məmləkətdə bir-birinin ziddi bir neçə qüvvət meydana çıxarmışlar ki, bunların bir qismi qeyrətli, həmiyyətli olmaqla bərabər, təcrübəsiz, idarəsiz bəylərdən, digər qismi isə fəsadçı, alçaq və ancaq mənfəəti-şəxsiyyəsini düşünən bəylərdən ibarət imiş.

İştə bu bəylərin bir-birləri ilə boğuşmaları səbəbilə məmləkətin idarə və müdafiəsi zəifəşmiş və camaatın əvvəlki eşq və atəşi sönməyə, ruh və imanı pozulmağa və nəhayət, mühafizeyi-haqq və vətən vəzifəsi haqqı ilə görülməyərək təhlükələrə meydan açmağa başlamışdır. Böylə bir vaxtda camaat arasında onun etimad və inanını [inamını] qazanmış, onun mənfəəti üçün çalışdığını feilən isbat etmiş aqil və təcrübəli adamların bulunmaması isə məmləkət müqəddəratını daha qaranlıq və müşkülata buraxmış və qızıl səması üzərində toplanan qara buludların dəhşətini hiss etdirəmməmişdir.

Axıskalıların, daha doğrusu o həmiyyətli qəhrəmanların başlarında bulunan baş və beyinsizlərdən bəzilərinin bacarıqsızlığı, bəzilərinin də alçaqlıq və xəyanəti üzündən məmləkətdə vüqua [meydana] gələn keşməkeş vǝziyyǝt və zə’fiyyətdən Borjomda toplanan düşmən günü-gününə xəbər alaraq qüvvətini artırmış və Baxşibəy Maçabeli alçağının göndərdiyi gizli xəbər üzərinə düşmən on minə yaxın qüvvəti fevralın 5-ində Azqur köyünə qarşı açdığı dəhşətli top atəşləri altında hərəkət edərək şose yolunun hər iki tərəfindəki köyləri, köylüləri yıxaraq, öldürərək irəliləyə bilmiş.

Bu gün Borjomdan ingilislərlə Tiflisə və oradan Bakıya gələn bir axıskalı bu son hadisəni böylə nəql edirdi:

Müsəlmanlar gürcülərin bir daha qüvvət cəm edib hücum edəcəklərinə az inanırlardı. Buna görə, cəbhədə qayət az əsgər bulundururlardı. Bu əsgərlər də cəbhəyə yaxın köylülərdən ibarət idi. Sərvər bəylə Baxşibəyin arasındakı xüsusi düşmənlik isə müdafiəyə gedəcək köylüləri ikiyə böldü və bunları bir-birləri ilə vuruşduraraq müdafiəni bütün-bütün unutdurdu. İştə, bu sırada, yəni cəbhədə 300 köylü qaldığı bir gündə gürcülər güclü top və pulmeyotlarla müsəlləh [silahlanmış] 10 min qədər bir qüvvətlə irəlilədi. 300 müdafe [müdafiǝçi] 10 min qüvvətlə üç-dörd saat vuruşdu. Axırda top güllərinin şiddət və kəsrəti [çoxluğu] ilə qismən tələf [oldu], qismən yaralandı. Gürcü əsgərləri müsəlman fədailərinin ancaq nə’şləri [cǝsǝdlǝri] üzərindən yol tapıb irəli keçdi. Müsəlmanların müdafiə xətt və qüvvəti də bu birinci çarpışma ilə tamamən qurtardı. Çünki qalan camaat və köylər işin həqiqətindən bixəbər, evlərində rahat otururlardı. Top güllələri köylərə düşüb, başlarında patladığı vaxt işin ciddiyyətini anladılar. Lakin, bu vaxt çocuqlarının əllərindən tutaraq və hər şeyi düşmənə buraxaraq qarlı meşələrə qaçmaqdan başqa çarələri yoxdu və böylə də eylədilər.

Gürcülər şosenin hər iki tərəfində bulunan köylərə güllə yağdıra-yağdıra bütün sağ qalan camaatını dağlara, meşələrə qaçıra-qaçıra irəlilədilər. Gürcü əsgərləri köylərə bir çox top atammamış, rast gəldiyi qoca, qadın, çocuq və sibyanı [bǝbǝlǝri] güllələməmiş heç bir köyə girə bilmirlərdi. Köylərə girəndən sonra da yapdıqları vəhşilik və canavarlıqlar tərifin xaricindədir. Gürcü demokrat narodnaya qvardiyanın [Gürcüstan Demokratik Respublikası Xalq qvardiyasının] eylədiyi zülüm və vəhşəti müsəlman tarixi unutmasa gərək. Müsəlmanlar əsla güman etmədilər ki, dost ədd [hesab] edilən gürcü dövlətinin nizami əsgəri və Qırmızı Xas alayı rahat və silahsız camaata qarşı bu tövr qırmızı xunrizlik [qantökənlik], bu dürlü işgəncə və zülümlər icad edələr.

Azǝrbaycan Qezeti, nömre 138. 17 mart 1919, başlık

Azqurdan Axıskaya qədər 21 verst uzaqlığındakı 25-30 köyün on minlərcə camaatı köylərini tamamilə tərk edib meşələrə, dağlara qaçmışlardır. Deyirlər oralarda qarın yüksəkliyi bir arşına yaxındır. Əgər bu qaçan camaat bir-iki günə qədər yurdlarına dönməsələr, – ki, bu qeyri-qabildir – hamısı aclıqdan, soyuqdan tələf olacaqlardır. Meşələrə qaçan köylülərin qaramal, heyvan ilə bütün ev əşyasını, yeyəcəklərini, toxumlarını ac əsgərlər canavarlar kimi tələf edirlər. Müsəlman köylərinin yaxınlığındakı, hətta Borjom ətrafındakı minlərcə ac gürcü köylüləri yüzlərcə arabalarla sahibsiz qalmış müsəlman köylərinə daraşıb gecə-gündüz var-yoxu çəkib götürürlər. Böylə ki, sağ qalıb kəndlərinə gələcək müsəl-manlar bir çox vaxt kəndlərində də bir zad bulammayıb aclıqdan, xəstəlikdən tələf olacaqları aşkardır.

Mən Borjomda ikən müsəlman köylərindən gətirilmiş bir çox heyvan sürülərini Mixaylovoya doğru götürürlərdi. Müsəlmanların əşya və ərzağını yüklənmiş gürcü arabalarından yollarda keçmək olmur.

Azqurun ətrafında, şose yolu kənarlarında dörd-beş gündən bəri buraxılmış müsəlman nə’şlərini [cǝsǝdlǝrini] itlər öylə dağıtmışlar ki, kim olduqlarını tanımaq mümkün deyil. Köylərdə kimsə yox ki, bunları bir hal ilə basdırsın. Amma olsalar da, gizləndikləri yerlǝrdən çıxmaları qabilmi? Hər köydə yüzlərcə əzrail insan sifətində dolaşır. Meydana çıxmaq, görünmək mümkünmü? Yolda gəlirkən orada-burada bir çox köy itlərinin yığışdıqları uzaqdan nəzərimizə çarpırdı. Onları[n] heyvan leşlərinə sarıldıqlarını zənn edirdik. Yaxın gəlib görürdük dağıtdıqları, yedikləri öz köylüləri və bəlkə də sahibləridir.

Gürcü əsgərləri arasında bulunan, daha doğrusu pəncələrinə düşmüş bir çox müsəlman qızlarının hallarını görməmək üçün inanınız gözlərimi qapadım. Məgər dünyada bu qədər vəhşət, bu qədər zalımanə “intiqam” olarmış! Hələ deyirlər, Axıskadan Posxova doğru olan yüzlərcə köylərin halı bunlardan da fəna, bunlardan da betərdir.

Doğrusu, bu dərəcə qarət və vəhşətin səbəbini, müdafiə etməyən köylərin bu mərtəbə, yəni tamamilə soyulub məhv edildiyinin hikmətini yalnız cahil əsgərlərin vəhşiliyində zənn edirdim. Lakin Borjom vaqonunda bir gürcü zabitinin: “Yolların kənarlarındakı köylər tamamilə məhv edilməlidir ki, bir daha bizim xətti-ricətimizi [dönüş yolumuzu] kəsə bilməsinlər. Türklüyə meyl edən müsəlmanlar tamamilə yox edilib yerlərinə xalis gürcülər yerləşdirilməlidir ki, gələcəkdə bir daha başımıza Axıska məsələsi çıxmasın.”

Anladım ki, gürcü demokrat hökumətinin müsəlmanlar haqqındakı planı nə imiş, – dedi.

Müxatabımın [hǝmsöhbǝtimin] sözü burada qurtuldu. Bu ciyərsuz [ciyǝr yandıran, acınacaqlı] hadisəyə dair alacağım qanlı xəbərləri yenə yazaram.

Ə. H.

Əlavə: Bütün türkcə, rusca qəzetə idarələrindən rica edirǝm ki, bu məqaləni dərc eyləsinlər.

Ə. H.

____________

[1] Azerbaycan Qezeti, nömre 138. 17 Mart 1919. Transliterasyon: Cilt 6., ss, 260-263. (Translit. Mehdi Genceli ve Azad Ağaoğlu) ADA Üniversiteti Neşri. https://www.ada.edu.az/en/publications/azerbaijannewspaper [Bu yazıyı tekrar yayınlama izni verdikleri için teşekkür ederim. İkram Çınar]

[2] Yazar, Azerbaycan Qezeti’ndeki bu yazısında adını Ə.H. biçiminde kısaltarak yazmıştır. Gazetenin transliterasyon ekibi cilt dizininde bu adın Əhmǝd Hǝmdi Qaraağazadǝ (1893-1928) olduğunu belirlemiştir. Ahmet Hamdi Karaağazade, Batum’da doğmuş, Azerbaycan parlamento üyesi de olmuş bir yurtseverdir. Bolşevik Devriminden sonra Türkiye’ye geçmiştir. Ahmet Hamdi Karaağazade hakkında bir araştırma için bkz. Merdanov, Misir ve Tahirzadǝ  Ədalǝt. “Qaraağazadǝ Əhməd Həmdi bəy Hüseyn Hüsni bəy oğlu” içinde: 1920-ci iledek ali mekteblerde oxumuş azerbaycanlılar. (Ensiklopedik sorak kitabı) IV cild. K-L. Bakı: “Tǝhsil”, 2020, ss. 185-195. [İkram Çınar]

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir