AXISKA ƏHVALATI [1]
Axıska təftiş heyəti
Axıska qırğınının, Axıska məsələsinin səbəb və amillərini bulmaq üçün gürcü Məclisi-Müəssisanı tərəfindən fövqəladə bir komissiya intixab edilib [seçilib], məhəllinə [yerinǝ] göndərildi.
Bu komissiyaya böyük-böyük ixtiyarlar, xüsusi hakimliklər verildi. Axıska xəstəliyinin cinsini kəşf etmək, onun əlac və tədavisinə [müalicǝsinǝ] baxmaq yalnız, yalnız o böyük ixtiyarlı heyətə həvalə edildi.
Heyət iki-üç gündür ki, Axıskaya getdi.
Şimdi hər kəs bu əzəmətli, bu heybətli heyətin kəşf və kəramətinə müntəzir, həm də səbirsizliklə müntəzir.
Çünki, bu heyət adi heyət deyil. Ufaq bir fırqə tərəfindən və ya qeyri-mötəməd [etimad edilmǝyǝn] bir milli qrup tərəfindən göndərilmiş deyil.
Başdan-ayağa qədər sosial demokratlardan həm də gürcü sosial-demokratlarından ibarət olan Məclisi-Müəssisan tərəfindən intixab edilmiş bir heyəti-mötəbərə və “müəzzəmədir” [mötǝbǝr vǝ “ǝzǝmǝtli” bir heyǝtdir].
Əcəb kimdir bu ali heyət əzası [üzvlǝri]?
Şəksiz ki, bu, hər kəsi maraqlandıran bir nöqtə, bir arzudur.
Əvət, bu ali heyətin əzası üçdür:
İkisi Axıska qanlı fəlakətinin baisi-yeganəsi olan Axıska komissarı Ruxadzenin yoldaşları.
O biri? O biri də “xala xətrin qalmasın”, daha doğrusu, sadə müsəlmanların gözlərini boyamaq üçün qəsdən intixab edilən “müsəlman”, ancaq öz adını yazmaq bilməyən, yoldaşlarının əmrinə qarşı iki əlini belinə qoyub: “Diyax, batunu!” (Bəli, knyaz) cavabını tez-tez deyə bilən Qaraçöplü kəndli Hüseyinquludur. Şimdi böylə fövqəladə bir heyətin edəcəyi təftişlə gətirəcəyi xəbəri siz qiyas [mü-qayisə] ediniz!
Ay, rica edirəm ki, gürcü demokratiyasının bu halına, daha doğrusu bu məntiqsiz halsızlığına çox da təəccüb etməyiniz!
Çünki, gürcü demokratiyası demək “Ramişvili hökuməti-müstəbidəsi [müstǝbid hökumǝt]” deməkdir. Dəxi, bundan sonra Gürcüstandaki müsəlmanların başına gələcək fəlakətləri siz düşününüz!
Bitərəf
[1] Azerbaycan Qazeti. 27 Mart 1919. Nömre 144. Transliterasyon: Cilt 6., ss, 373-374. (Translit. Mehdi Genceli ve Azad Ağaoğlu) ADA Üniversiteti Neşri. https://ada.edu.az/azerbaijannewspaper

